
Ümumi məlumat Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km.-dir.
Əhalisinin sayı 8141,4 min nəfərdir (2002-ci ilin əvvəlində).
Respublikanın tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.
Dövlət dili Azərbaycan dilidir. Əhalinin 95%-dən çoxu bu dildə danışır.
Paytaxtı Bakı şəhəridir.Əhalisi 2 milyon nəfərə yaxındır.
Milli pul vahidi manatdır.
Azərbaycan əhalisinin əksəriyyəti islam dininə sitayiş edir. Ölkədə müsəlman məscidləri ilə yanaşı pravoslav-rus, pravoslav-gürcü, yəhudi, erməni-qriqorian, molokan, katolik, protestant, həmçinin digər dini icmalar mövcuddur.
1988-ci ildən Ermənistan tərəfindən başlanılmış ərazi iddiaları və hərbi təcavüz nəticəsində Azərbaycanın ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş və 1 milyona yaxın əhali qaçqın və ya məcburi köçkün vəziyyətindədir.
Siyasi quruluş
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini elan edilmişdir.
1995-ci il noyabrın 12-də keçirilən referendumda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik, icra və məhkəmə hakimiyyəti.
Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Bir palatalı Milli Məclis majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 125 deputatdan ibarətdir.
2000-ci ildə keçirilən sonuncu parlament seçkilərində Yeni Azərbaycan Partiyası deputat mandatının əksəriyyətini qazanmışdır. YAP ilə bəraber daha 8 partiya - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Kommunist Partiyası, Yurddaş Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Rifah Partiyası və Ümid Partiyası Milli Məclisdə öz nümayəndələri ilə təmsil olunurlar. Müsavat və Milli İstiqlal partiyalarının nümayəndələri parlamentə seçilsələr də, partiya sıralarından çıxarıldıqlarına görə, bitərəf deputat kimi fəaliyyət göstərirlər. Ümumiyyətlə isə Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 42 siyasi partiya mövcuddur.
Dövlətin başçısı - Azərbaycan Respublikasının Prezidentidir. İcra hakimiyyəti Prezidentə mənsubdur. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ esasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. 3 oktyabr 1993-cü il və 11 oktyabr 1998-ci ildə keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezidentin yuxarı icra orqanı Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabinetidir.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyetini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr - Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər.
Tariximiz
Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılıb.
Son iki yüz ildə Azərbaycanda inzibati-ərazi bölgüsünün yer adlarının necə dəyişməsi dinamikası bu yazıda aydın görünür. İmperiyaların siyası məqsədləri naminə elə bir qarışıqlıq yaradılıb ki, tarixi əsl adları tapmaq üçün az qala rebus həll etmək lazım gəlir...
Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü.
1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa müvafiq olaraq (10.04.1840) region Gürcü - İmeretin quberniyasına (Mərkəzi Tiflis) və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi.
Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşədin qəzaları daxil olmaqla), Balakən (kecmiş Car Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) Gürcü-İmeretin quberniyasının tərkibinə daxil oldu. 1846-ci ildə Zaqafqaziya Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyasına Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldi. Yenidən Car-Balakən ayrı dairə kimi yarandı. 1850-ci ildə yaranmiş İrəvan quberniyasının tərkibində Naxcivan və Ordubad qəzaları yarandı.
Şamaxı zəlzələsi ilə əlaqədar olaraq (1859) quberniya mərkəzi Bakıya köcdü və adı dəyişilərək Bakı quberniyası adlandı. 1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu. Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi. 1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göycay və Cavad) daxil idi.
1870-ci ildə İrəvan quberniyasının tərkibində yəni Şərur-Dərələyəz qəzası yarandı. 1874-cu ildə Nuxa qəzasının cənub hissəsindən Erəş qəzası ayrıldi. 1 iyul 1883-cü ildə Cəbrayil və Cavanşir qəzaları yarandı. 28 iyun 1918-ci ildə Zaqatala quberniyası, 30 avqust 1918-ci ildə Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına bölündü. Bununla birlikdə Gəncə quberniyasının tərkibindən müvəqqəti Qarabağ general qubernatorlugu yarandı. Onun tərkibinə Şuşa, Cavanşir, Zəngəzur və Qaryagin qəzaları daxil oldu. Axirıncı 30 avqust 1918-ci ildə Cəbrayil qəzasına çevrildi.
Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Erəş, Gəncə, Qazax, Nuxa qəzaları daxil edildi. Zaqatala quberniyası qəza bölgüsünə malik deyildi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldi, cənub-qərbdə isə Qubadlı qəzası yarandı. 22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldi. Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv olundu, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Erəş və Cavad qəzaları Agdaş və Salyan adlandırıldı. 1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Agdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) yaranır, 1922-ci ildə Zəngəzur qəzası ləğv edilir və Qubadlı, Cavanşir və Şamxor qəzaları yaranır. Naxçıvan vilayətin Şərur-Dərələyəz və Naxçıvan qəzaları yaranır. 1923-cu ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaranır. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edilir, yəni Agdam və Kürdüstan qəzaları yaranır. Naxçıvan vilayətində hər iki qəza ləğv edilir. Bu dəyişikliklər nəticəsində respublikanin tərkibinə 15 qəza, Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Qəzalar (Agdam, Agdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayil, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı).
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cu il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrilir. 1926-ci ildə qəzaları möhkəmlətmək məqsədi ilə Şamxor və Agdaş qəzaları ləğv edildi. Sovetlərin VI Ümumazərbaycan qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr yarandı (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala - Nuxa, Mugan). Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yənidən yaradıldı və Qarabağ dairəsinin tərkibindən ayrılani müstəqil Kürdüstan dairəsi yarandı.
1930-cu ildə Azərbaycan SSR-də 10 dairə Bakı, Gəncə, Zaqatala, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Nuxa, Şirvan (Göycay) mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust qərarı ilə respublika ərazisi 63 rayona bölünmüşdür. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv olunur və yeniləri yaranır, bununla əlaqədar olaraq onların sayı 47-yə enır. Hacıkənd, Əliabad, Ağsu, Göynük, Cüxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilir. Hil, Gəncə, İsmayillı, Nuxa və Şaumyan rayonları yaranır. 1931-ci ilin oktyabrında Petropavlovsk kəndi Sabirabad şəhəri adlanır.
1933-cu ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları yaranır. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirilir. 1938-1939-cu illərdə Azərbaycanin inzibati-ərazi bölgüsündə əsas dəyişikliklər oldu. 1938-ci ilin iyulunda Qaradonlu rayonu İmişli rayonu, Hil - Qusar, Zuvand - Lərik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı adlandırıldı. 1938-ci ildə Annino kəndi Şamxor şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, Yələndorf kəndi Xanlar şəhəri, Zubovka kəndi Əli Bayramlı şəhəri adlandırıldı.1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yarandı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakərt rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və Ismayillı rayonları yarandı. 1939-cu ildə Haciqabul şəhəri Qaziməmməd adlandırıldı. 1940-ci ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları yaranır. 1943-cu ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaranır. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Ebrəqunis rayonu ləğv edilir. 1949-cu ilin avqustunda Tərtər rayonu Mir Bəşir rayonu adlanır. 22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cu ildə Mingəçevir şəhərləri yarandı. 1954-cu ilin yanvarında Samux rayonu ləğv edildi. 1956-ci ilin aprelində Dəstəfur rayonu Daşkəsən rayonu adlandırıldı. 1956-ci ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mərəzə rayonları ləğv olunur. 1959-cu ilin aprelində Qaryagin rayonu Füzuli rayonu adlandirılır.
Azərbaycan SSR Ali Soveti Reyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Agstafa, Qaziməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyəv, Siyəzən, Xudat rayonları ləğv edilir. Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin 4 yanvar 1963-cu il fərmanı ilə Agcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayil, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşən, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilir. Lakin artıq 1 ildən sonra 1964-cu ilin iyulunda Cəbrayil, Qasım İsmayilov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə 1963-cu ildə ləğv edilmiş bütün rayonlar bərpa olunur. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırılır.
Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı. Muasir inzibati-ərazi bölgüsü 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə möhkəmləndirılmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1990-ci il tarixli qərarı ilə Agstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları yaradildi. 1991-ci il fevralın 7-də Şaumyan (kənd) rayonu ləğv edildi və Goranboy (sabiq Qasim İsmayilov) rayonu ilə birləşdirildi. Mir Bəşir - Tərtər, Şamxor isə Şəmkir adlandırıldı.
Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 1991-ci il qanununa görə Stepanakert, Mardakərt, Martuni rayonlarının tarixi adları qaytarılaraq Stepanakert - Xankəndi, Mardakərt - Agdərə, Martuni - Xocavənd adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Agdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.
Azərbaycan tarixi haqqında qısa xülasə
Azərbaycan sivilizasiyanin ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının , qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna çarlığı yaranır. Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramızdan əvvəl VI əsrin əvvələrində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştlik rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq "Azərbaycan" şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mənəvi və dünyəvi mədəniyyət inkişaf edir. VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala məruz qaldı və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə çevrildi. Yəni ənənələr və mədəniyyət təşəkkül tapdı. Orta əsrlərdə Azərbaycanin ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu , Ağqoyunlu , Səfəvilər . Azərbaycanın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Xalqımızın " Kitabi Dədə-Qorqud ", " Koroğlu " dastanları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi , Əfzələddin Xaqani , Xətib Təbrizi , Qətran Təbrizi , İmadəddin Nəsimi , Məhəmməd Fuzuli kimi korifeylərinin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət etmişdir. Səfiyyəddin Urməvinin , Əcəmi Naxçıvaninin , Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirrəddin Tusinin , Əbulhəsən Bəhmənyarın , Mirzə Fətəli Axundovun , Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın , Qızıl Arslanın , Uzun Həsənin , Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları - xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində İran, Türkiyə və Rusiya arasında ziddiyətlər güclənməyə başlayır, Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olur. XX əsrdə Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı. Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması demokratik ideyaların inkişafına, azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanin süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci il aprelin 28-də XI rus ordusunun Bakıya daxil olmasi ilə süqut etdi. 1922-ci il dekabr ayından Azərbaycan dövlət atributlarına malik - konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ -nin tərkibinə daxil edildi. Xalqın uzun sürən azadlıq hərəkatları və SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
Hal-hazırda müstəqil Azərbaycan Respublikası hər cəhətdən böyük potensiala malik və yüksək inkişafa qadir bir ölkədi